Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verir.

Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında “Linkoln” kollektivinin qonağı olacaq. Qeyd edək ki, bu komandalarımızın avrokuboklarda Cəbəllütariq klublarına qarşı ilk oyunudur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qarşılaşma haqda danışarkən futbolçuların tam optimal formada olmadığını vurğulayıb: “Mövsümdə ilk rəsmi oyuna çıxırıq. Hazırlıq prosesi yaxşı keçsə də, futbolçuların tam optimal formada olduğunu deyə bilmərik. İlk görüşdə müəyyən çatışmazlıqları hiss oluna bilər. Bacardığımız qədər diqqətli və səliqəli  oynamalıyıq. “Linkoln”un heyətində çox dəyişiklik olub deyə rəqibin oyun üslubu barədə ətraflı məlumatımız yoxdur. İnanıram ki, futbolçular görüşə lazımi şəkildə nizamlanaraq yaxşı oyun göstəcərəklər.

Cəbəllütariqin rekordçusu “Linkoln” tarixi ərzində 27 dəfə ölkə çempionu olub. Komandanın avrokuboklarda ən böyük nailiyyəti 2021-2022-ci illər mövsümünə təsadüf edir. Həmin vaxt Cəbəllütariq kollektivi UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. 5000 azarkeş tutumu olan “Viktoriya” stadionunda oynanılan “Linkoln” – “Qarabağ” oyununu Vitaliys Spasönnikovsun başçılığı altında latviyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma bu gün Bakı vaxtilə saat 19:30-da başlanacaq.